Fevralın 12-də Azərbaycan Haaqadakı Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Konvensiya (Bern Konvensiyası) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına görə, "Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə, dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib".
XİN bildirir ki, 2023-cü il yanvarın 18-də Azərbaycan sözügedən dəlillərə əsaslanaraq arbitraj prosesinin başlanması üçün Ermənistana bildiriş göndərib: "15 sentyabr 2023-cü il tarixində arbitraj məhkəməsinin tərkibi təsdiqlənərək 12 aprel 2024-cü ildə Haaqadakı Sülh Sarayında Azərbaycan ilə Ermənistan arasında ilk prosedur iclası keçirilib".
Açıqlamaya görə, Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhvinə görə bu ölkədən tam təzminat tələb edir.
Hələlik, iddiaya Ermənistan tərəfinin münasibəti açıqlanmır.
Son illər iki ölkə arasında həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə ayrılıqda və həm də birbaşa danışıqlar aparılsa da, sülh sazişi imzalanmayıb. Əsas mübahisəli bir neçə məsələnin razılaşdırılmadığı, onlardan da birinin bir-birlərinə qarşı beynəlxalq səviyyədə iddiaların qaldırılmaması olduğu bildirilir.
Bəs Azərbaycanın bu iddiası iki ölkə arasında sülh danışıqlarına necə təsir edəcək?
"Sülh danışıqlarına birbaşa dəxili yoxdur"
Politoloq Rauf Mirqədirov bunun ciddi təsir daşıdığını düşünmür. "Ümumiyyətlə, təzminatların tələbi ilə bağlı bunu çox normal proses hesab edirəm. Amma onların hazırlanmasının, təqdim olunmasının sülh danışıqlarına birbaşa dəxili yoxdur. Sülh danışıqlarında onsuzda təzminatlar məsələsi müzakirə olunur", - o, AzadlıqRadiosuna bildirib.
Bununla belə, R.Mirqədirov düşünür ki, dövlət səviyyəsində bu cür iddiaların sülh çərçivəsində həlli mümkündür: "Ya tərəflər deyirlər ki, "qoy bunu beynəlxalq məhkəmələr müəyyənləşdirsin", ya da deyirlər ki, "biz qarşılıqlı iddialardan imtina edirik". Amma biz hazır olmalıyıq və bu sahədə də işləməliyik".
O hesab edir ki, konkret Qarabağın dağlıq hissəsində yaşamış ermənilər Azərbaycan hökumətinə qarşı təzminatla bağlı iddia irəli sürə bilər.
Eyni zamanda, politoloq Qarabağdan köçkün düşmüş azərbaycanlılarla bağlı problemlərə diqqət çəkir: "Ermənistan tərəfi çalışacaq ki, bu təzminatları ödəməkdən imtina etsin. O əsasla ki, "biz cavabdeh deyildik" və s. Hər şeyi dünya tərəfindən tanınmamış və indi mövcud olmayan bir separatçı rejimin üstünə atacaqlar. Bu cəhdlər həmişə olub Ermənistan tərəfindən, bunun hüquqi bazası hazırlanmalıdır".
"Bu məsələnin sülh danışıqlarının elementinə çevrilməsi qeyri-realdır"
Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc da düşünür ki, müharibələrin tarixində belə nümunələr yüzlərlədir: "Bütün bunlar bizim ixtiramız və uydurmamız deyil. Beynəlxalq hüquq tələb edir ki, ilk növbədə bunun qiymətləndirilməsi aparılsın".
Deputatın deməsinə görə, Azərbaycan son beş ildə bu yöndə çox ciddi işlər aparıb: "Bunun təminatı yönündə atılacaq addımlar qarşıdakı dövrdə sistemli olacaq. Yalnız bir iddianın qaldırılması ilə iş bitmir".
Deputat hesab edir ki, şübhəsiz, Ermənistan beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların ortadan qalxmasına çalışacaq: "Bunlar yaxşı başa düşürlər ki, hər halda, biz Ermənistan ərazisinə gedib orada yüz milyardlarla dolar dəyərində ziyanlar vurmamışıq ki, qarşılıqlı iddiaların ölçüsü adekvat olsun. Yoxdur burada belə hal".
Z.Orucun fikrincə, təzminat məsələlərinin sülh danışıqlarının bir elementinə çevrilməsi qeyri-realdır: "Bu iddia dövlətin üzərinə qoyulur və onun ödənmə mexanizmləri də müxtəlif formalarda ola bilər... Amma bunu sülh prosesi ilə bu və ya digər formada əlaqələndirməklə sanki bizə sülhü keçmiş tarixi cinayətlərini silmək üçün satmış olurlar. Bu, çox bahalı layihə olardı".
"Vaxtın uzadılmasını tələb edə bilərdi"
"Azərbaycan hüquqi mübahisələri sülh prosesinə maneə kimi göstərir". Bunu isə beynəlxalq hüquq üzrə mütəxəssis, vəkil, Ermənistanda saxlanılan şəxslərin maraqlarını Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən Siranuş Sahakyan deyib.
O düşünür ki, siyasi proseslər məhkəmələrdə vaxtın uzadılması üçün ən yaxşı əsas deyil. "Nəzəri cəhətdən Azərbaycan tribunala müraciət edərək bəzi əsaslar göstərib vaxtın uzadılmasını tələb edə bilərdi...".
Onun qənaətinə görə, belə hallarda Azərbaycan qeyri-proporsional yük daşıyardı: "Digər bir ehtimal isə budur ki, Azərbaycan əsas iddiasını müəyyən olunmuş vaxt çərçivəsində təqdim etməyəcək. Bu, daha çox siyasi ritorika ilə uyğun gələrdi, çünki Azərbaycan mübahisələrin hüquqi platformalar xaricində həll olunmasını istədiyini bildirərək təzyiq göstərib".
O, Azərbaycanın siyasəti ilə bağlı təxminlərini belə dilə gətirir: "Bir tərəfdən, Azərbaycan Ermənistanı hüquqi iddialar irəli sürməkdə günahlandırır, hüquqi mübahisələri sülh prosesinə maneə kimi göstərir. Digər tərəfdən, Ermənistana qarşı öz hüquqi hərəkətlərini davam edir".
Xatırlatma
Ötən əsrin 80-ci illərində yenidən alovlanan Qarabağ münaqişəsi sonradan Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 16 illik atəşkəsdən sonra, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib.
2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.
Azərbaycanla Ermənistan arasında hazırda sülh danışıqları davam edir.